Nəzərə alsaq ki, 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmiş və həmin gün milli kinonun yaranma günü sayılır. Beləliklə də Azərbaycan kinosunun yaranmasının 127 ili tamam olur.
Tarixi faktlara arxalanaraq 127 yaşlı kinomuzun bu illər ərzində gördüyü işləri diqqətinizə çatdıracağıq.
21 iyun 1898-ci ildə Bakıda, Bakı həyatından bəhs edən “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Bakı küçəsi sübh çağı” kinosüjetləri nümayiş etdirməklə milli kino tarixinin bünövrəsi qoyulub. Bu nümayiş eksperimental xarakter daşıyırdı. Eyni ilin avqustunda, yuxarıda qeyd etdiyimiz kimi A.Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərin müstəqil nümayişini təşkil edir. Bu süjetlər 1900-cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilib və hazırda orda da saxlanılır.
HAŞİYƏ: “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanı neft fontanı” 2001-ci ildə Fransanın kino arxivindən Azərbaycana geri qaytarılıb ki, hazırda 35 mm-lik plyonkada və videokasetdə filmfondda qorunub saxlanılır.
1908-ci ildə kinooperator Qrossman Bakı neft mədənlərinin həyatından bəhs edən süjetlər çəkməyə başlayıb.
Yeri gəlmişkən, neft mövzusu Fransanın “Pate” və “Qomon” kinoşirkətlərini də maraqlandırdığı üçün onlar Bakıya öz operatorlarını göndəriblər.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb.
1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra-1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən “Azərbaycanfilm” kinostudiyası Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
AZƏRBAYCAN DEMOKRATOK RESPUBLİKASI BİR ÇOX MƏDƏNİ-SİYASİ İSLAHATLAR KEÇİRİB
Azərbaycan Demokratik Respublikası(1918-ci ilin mayında) elan olunduqdan sonra yeni hökumət bir çox mədəni- siyasi islahatlar keçirməyə başlayıb.
Dünya ölkələri ilə qurulan diplomatik, mədəni və iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verir. Bütün bunların nəticəsində də Bakıda kino həvəskarlarının sayı artır və getdikcə kinonun inkişafı ilə bağlı geniş işlərə start verilir.
1920-ci ildə böyük siyasi xadim Nəriman Nərimanovun kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret (Ali hökumət orqanının qanunqüvvəsində olan qərarı nəzərdə tutulur) imzalayır. Həmin ildə “Bakıda XI Qızıl Ordu hissələrinin paradı”, “Şərq xalqlarının qurultayı” və “26 Bakı komissarlarının dəfni” xronikal filmləri çəkilir.
1923-cü ildə Azərbaycanda kinostudiya yaradılır. Həmin kinostudiya ki,
istehsal etdiyi filmləri dünyanın bütün ölkələrində nümayiş olundu, uzun illər tamaşaçılarına önəmli sənət nümunələri təqdim etməyi bacardı.
1926-cı ildə Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Bismillah” filmi Azərbaycan kinematoqrafiyasının ilk müstəqil işi idi və o, ilk milli rejissor olaraq tarixə adını həkk etdirir.
1936-cı ildə rejissorlar B.Pumpyanski və V.Yeremeyevin quruluşunda “Şöhrətli Azərbaycan” adlı kinoalmanaxı ilə ölkəmizdə ilk sinxronlu filmlərin özülü qoyulur.
Həmin ildə milli kinomuzun ilk səsli filmi “Mavi dənizin sahilində” komediyası çəkilir.
Boris Barnet və Səməd Mərdanov tərəfindən çəkilən “Mavi dənizin sahilində” filmi 1995-ci ildə dünya kinosunun ən yaxşı on əsəri siyahısına, həmçinin Fransada Bernar Ayzenşitsin, Rusiyada isə Naum Kleymanın siyahılarına daxil edilib.
Yeri gəlmişkən, filmin rejissoru Səməd Mərdanov Azərbaycan Kino tarixində ilk ali təhsilli rejissordur. Rejissorun birinci müstəqil bədii filmi “Kəndlilər” peşəkarlıq səviyyəsinə görə milli kinomuzun ən yaxşı nümunələrindən biri sayılır.
İkinci Dünya Müharibəsi illərində bədii film istehsalı bir qədər zəifləsə də, azərbaycanlı kinooperatorlar daim cəbhənin ön xəttində olublar ki, bu da yaşanmış bir keçmişdir. Operatorlar S.Bədəlov, C. Məmmədov, M. Mustafayev, A.Həsənov və digərlərinin qaynar nöqtələrdən çəkdikləri kadrlar hazırda da ekrana çıxan xronika materiallarında istifadə olunur.
1945 ci il…Bu tarix ikinci dünya müharibəsinin qələbə tarixi kimi yadda qalsa da ilin əvvəli ümidsizlik əsas mövzu idi, bütün xalqları düşünüdürən əsas məsələ olaraq qalırdı. Məhz həmin ildə, müharibənin qaynar bir vaxtında Azərbaycan kinosunun önəmli siması-rejissor Rza Təhmasib Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında “Arşın mal alan” filmini çəkir.
50-ci illərdə kino istehsalatında musiqili komediyaların çəkilişinə start verilir. Baxmayaraq ki, maraqlı komediyalara çəkilir, ancaq Azərbaycan kinosunun bəlkə də ən zəiflədiyi illər sırasında 50-ci illər xüsusilə qeyd olunur.
1960-1970-ci illərdə rejissor və ssenarist Həsən Seyidbəyli Azərbaycan kinosuna yeni, düşünən, çoxqatlı qəhrəmanlar gətirir. Həmin dövrdə çəkilən filmlərdə artıq italyan nerealizminin təsiri duyulmağa başlayır.
70-ci illər Azərbaycan kinosunda ilk film operanın yaranması ilə də yadda qalır. 1970-ci ildə rejissor Vladimir Qorriker C.Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar F.Əmirovun eyniadlı operasının əsasında “Sevil” film-operasını çəkir.
1970-1980-ci illər bütün sovet məkanında korrupsiyaya qarşı dövlət səviyyəsində aparılan mübarizə, daha sonra yenidənqurma, aşkarlıq siyasəti kinoda da özünü göstərir. Həmin illərdə yaranan filmlərdə daha çox sosial mövzulara – cəmiyyətdə təbəqələşmə, rüşvətxorluq, məmur özbaşnalığına yer ayrılır.
Qeyd edək ki, Azərbaycan kinosu yarandığı tarixdən bu günə qədər enişli-yoxuşlu yollar qət edib. Bu da o deməkdri ki, hər dövrün kinoya fərqli təsiri olub.
XXI əsrin gəlişi Azərbaycan kinosu üşün çətinliklərlə dolu başladı- müstəqil studiyaların sayının azalması, özəl vəsaitin kinodan uzaqlaşması və s.
2000-ci illərdə dövlət istehsalatı demək olar ki, öz nəzarətinə götürdü. Ancaq çətinliklərə baxmayaraq Azərbaycan kinosu yenə də öz fəaliyyəti ilə, yeni-yeni yaratdığı sənət nümüunələri ilə dünya kino festivallarına qatılaraq rəqabət meydanında özünə yer tutmağı bacardı. Azərbaycan kinematioqrafiyası daima dünya kinematoqrafiyasını izlədiyi üçün mövzu seçimi baxımından heç də dünya kinosundan geri qalmır.
2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Bu il 127-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu hər dövrdə özünü doğrultmağa çalışıb, yenə də doğruldacaq, çətin günlər arxada qalacaq, qaynar iş sistemi kinematoqrafçıları gözləyir…Uğur olsun və bayramınız mübarək!
aki.az